Bunları bilirsinizmi?
Həm gözəlləş, həm miqrendən xilas ol
Son illər miqrendən əziyyət çəkən xəstələr üçün daha bir çarə tapılıb.
Rakus.az xəbər verir ki, bu yeni müalicə üsuluna sadə dildə “miqren botoksu” deyilir.
Bir çoxu hesab edir ki, botoks, sadəcə, estetik təbabətdə istifadə edilir. Lakin bu, belə deyil, botoksun çoxumuzun bilmədiyi başqa tərəfləri də var. Məsələn, dözülməz miqren ağrılarından bu üsulla qurtula bilərsiniz. Həkimlərin “botulinoterapiya” adlandırdıqları müalicənin çox effektli olduğu bildirilir.
Tibb elmləri doktoru, nevroloq Sədaqət Hüseynova e-tibb.az saytına botulinoterapiyanın nevrologiyada tətbiqi haqqında danışır: “Miqren xroniki xəstəlikdir və bu xəstəliyin müalicə protokolları var. Bu protokollarda botoksla müalicə də nəzərdə tutulur. Bu üsul yalnız ağrıların qarşısını almaq üçün deyil. Bu, bir müalicə üsuludur və botulotoksin xroniki miqrenin müalicəsində əvəzolunmaz hesab edilir”.
Bəs botulotoksin inyeksiyaları necə yerinə yetirilir?
Həkim bildirir ki, bu inyeksiyaları hər həkim yerinə yetirə bilməz: “Bu müalicə xüsusi hazırlıq keçmiş ixtisaslı mütəxəssislər tərəfindən klinik şəraitdə icra olunur. Bütün xəstəliklər üçün preparatın istifadə qaydaları və dozaları işlənib hazırlanıb”.
Sədaqət Hüseynova deyir ki, bu müalicənin xüsusi bir fəsadı olmur: “Sadəcə, preparata qarşı yüksək həssaslığın olması, hamiləlik və südvermə dövrü, habelə sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən nevroloji xəstəliklər əks-göstərişlər hesab edilir. Bundan başqa, inyeksiyadan sonra preparatın əsas effekti 2-3 həftə ərzində formalaşır. Lazım gələrsə, korreksiya məqsədi ilə müəyyən doza əlavə edilə bilər. Preparatın təsir müddəti 3-6 ay davam edir”.
Dermatoloq, uzman həkim Lalə Cahangirova da “miqren botoksu”nun müalicəvi əhəmiyyəti barədə danışaraq bildirdi ki, bu metod əsasən, əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur: “Əsas məsələ, bu ineksiyaların düzgün nöqtələrə vurulmasıdır. Bunu isə hər kosmetoloq, nevroloq edə bilməz. Bunun üçün xüsusi təhsil almaq lazımdır. “Miqren botoksu” deyilən müalicə üsulunun elə bir fəsadı olmur. Əsas odur ki, bu prosedur professional tərəfindən düzgün icra edilsin”.