BVF Misirə 5,2 milyard dollarlıq kredit verir
Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə 12 ay müddətinə 5,2 milyard dollar həcmində kredit ayrılması barədə razılıq əldə edib.
Rakus.az xəbər verir ki, bu barədə Misirin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kredit COVID-19 pandemiyası ilə əlaqədar durğunluq keçirən Misir iqtisadiyyatının dirçəlməsinə, makroiqtisadi sabitliyin təmin edilməsinə, habelə iş yerlərinin açılmasına sərf olunacaq. Hələ mayın 19-da BVF-nin missiyası Qahirənin kredit ayrılması barədə müraciətini videokonfrans vasitəsilə keçirilən toplantıda müzakirə etmişdi. Missiyanın rəhbəri Uma Ramakrişnan bildirib ki, artıq fondun İcraiyyə Komitəsi krediti təsdiq edib və tezliklə müvafiq saziş imzalanacaq. O əlavə edib ki, son üç ildə sürətlə inkişaf edən, lakin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq keçirən Misir iqtisadiyyatı tez bir vaxtda yenidən inkişaf yoluna qədəm qoya bilər.
Misir təkcə turizm sektorunun fəaliyyətini dayandırması nəticəsində hər ay 1 milyard dollar itirir. Son günlər ölkənin milli valyutasının məzənnəsi də ABŞ dolları və avroya nisbətdə aşağı düşüb.