Çində 117 səhifəlik gizli sənəd üzə çıxdı
Çində Hubey Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən 117 səhifəlik gizli sənəd mediaya sızıb.
Qeyd edilir ki, sənədləri onlara çatdıran Çin səhiyyə sistemində çalışan bir şəxsdir, sənədlər 6 müstəqil ekspert tərəfindən araşdırılıb və onların həqiqiliyi təsdiqlənib.
Sözügedən sənədlərin COVID-19 epidemiyasının başlanğıcından bəri Çindən sızan ən vacib sənədlər olduğu və yerli hakimiyyət orqanlarının epidemiyanın başlanğıcında daxildə nə vaxt və nə bildikləri barədə əhəmiyyətli məlumatlar daşıdığı vurğulanır.
Sənədlərdən məlum olur ki, Çində səhiyyə sistemində çatışmazlıqlar olub, ölkədə epidemiyanın ilk mərhələlərində COVID-19-a yoluxma hadisələrinin aşkarlanması və təsdiqlənməsi 23 günə kimi uzanıb və testlərdəki uğursuzluqdan onların çoxunun neqativ çıxdığı bildirilib. Eyni zamanda, insanlara təhlükə barədə gec xəbərdarlıq edilib.
Çin rəsmilərinin Hubey əyalətindəki Uhan şəhərini koronavirus epidemiyasının mərkəzi kimi göstərmələrinə baxmayaraq, dekabrın əvvəlində Uhanla qonşu olan digər şəhərlərdə əvvəlki ilə nisbətən 20 qat daha çox qrip epidemiyasının meydana gəldiyi qeyd olunur.
Sənədlərdə virusun laboratoriyadan sızdığı iddiaları ilə bağlı heç bir məlumat olmayıb.