Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün sərbəst güləş üzrə daha 5 çəkidə güləşçilər mübarizəyə qoşulacaq.
İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayacaq.
61 kq
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Əsgər Məmmədəliyevin ilk rəqibi Nikolay Oxlopkov (Rumıniya) olacaq.
74 kq
Hacımurad Hacıyev 1/8 finalda döşək üzərinə çıxacaq və moldovalı Georgi Paskalovla qarşılaşacaq.
86 kq
Murad Süleymanov təsnifat mərhələsində Riçard Ferents Liqetini (Macarıstan) məğlub etməyə çalışacaq.
92 kq
Şərif Şərifov yarışa 1/4 finaldan qoşulacaq. Olimpiya çempionu Rusiya təmsilçisi Məhəmməd Qurbanovla görüşəcək.
125 kq
Seyid Məhəmmədrza Azərşakib təsnifat mərhələsində Eqzon Şala (Kosovo) ilə qarşılaşacaq.
Həmçinin dünən yarışlar keçirilən çəkilərdə bu gün həlledici görüşlər olacaq. İki güləşçimiz bürünc, 3 pəhləvanımız isə qızıl medal üçün döşəyə çıxacaq.
57 kq
1/4 finalda uduzan Mahir Əmiraslanov təsəlliverici görüşdə Zuheyir Əl Oraj (Fransa) ilə münasibətlərinə aydınlıq gətirəcək.
65 kq
Buna qədər postsevet ölkələrinin 4 nümayəndəsini məğlub edən Hacı Əliyev finalda türkiyəli Selahattin Kılıçsallayanla çempionluq uğrunda görüşəcək.
70 kq
Finala qədərki 3 rəqibi önündə ciddi çətinlik yaşamayan Ağahüseyn Mustafayev də həlledici görüşdə türkiyəli ilə qarşılaşacaq. Onun rəqibi Mustafa Kaya olacaq.
79 kq
Cəbrayıl Həsənov isə finalda Əhməd Qazıməhəmmədovu (Rusiya) üstələyərək, 3-cü dəfə Avropa çempionu olmağa çalışacaq.
97 kq
Dünən ilk görüşündəcə məğlub olan Nurməhəmməd Hacıyev təsəlliverici görüşdə Almaniya idmançısı Gennadi Kudinoviçi üstələməlidi.