“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, “Peyğəmbər gecə yuxusunda şaman işığı görüb” adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu türk şamanizmindən söz açıb.
O bildirib ki, türk şamanizmi digərlərindən fərqlənirdi. Şaman vergi almaq üçün ağır yol keçir. Şamanlar ağır yolda psixiki pozuntu yaşayıb, dəli olurlar. Peyğəmbər gecə yuxusunda şaman işığı görüb. Dədə Qorqud əslində şaman idi. Şamanizm bu gün Azərbaycanda yaşayır.
Onun sözlərinə görə, Dədə Qorqud qoca yox, çox cavan şəxs olub: “Dədə Qorqud içəri girəndə Dəli Qacar yerindən durmayıb. Dədə Qorqud dastanının 1300 illiyini qeyd etmək düzgün deyil.
Araşdırmaçı deyib ki, insan təkliyə çəkiləndə üçüncü gözünü aça bilər: “Qədim dövrdə insanlar xəstələnib ölmürdülər. Yaşlı insanlar cəmiyyət üçün yük idi”.
G.Yoloğlu şər qüvvələrlə savaşıb, ölənin canını qaytarmaq qüdrətindən, Qıl körpüsündən keçib gedən qutu qaytarma ayinindən danışıb, gecə vaxtı uşağın adını çağırmağın və qapının ağzına su tökməyin hansı bəlaya səbəb olmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 31-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.