Dilənçi özünü yandırmaq istədi
Bakı şəhər Baş Polis İdarəsi özünü yandırmağa cəhd göstərən şəxs barədə məsələyə münasibət bildirib.
Rakus.az BPİ-yə istinadla xəbər verir ki, martın 28-də axşam saatlarında dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib.
Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.
Qeyd edilib ki, aparılan təhlil və ümumiləşdirmələr göstərir ki, əsasən, Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.