DİN: 17 koronavirus xəstəsinə cinayət işi açıldı
Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzərətdə saxlanılır.
Rakus.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin məlumatına görə, respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıblar.
On yeddi nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir. Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.