DİN: Vətəndaşların qaydalara əməl etmələri vacibdir
Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi Daxili İşlər Orqanları tərəfindən nəzarətdə saxlanılır.
Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıblar.
On yeddi nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
DİN aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırır ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.