Dünyanı qorxudan virus – ölkələrin məhdudiyyət tətbiqi – TƏHLİL - FOTO
İctimai səhiyyə mütəxəssislərinin məsləhəti ilə Çin kimi yerlərdə ictimai həyatın çox hissəsinin bağlanmasının təsirindən sonra bütün dünya hökumətləri koronavirusun yayılmasının qarşısını almaq üçün getdikcə daha çox məhdudiyyətlər qoyur.
Rakus.az xəbər verir ki, bazar ertəsindən etibarən ABŞ-da bir çox məktəblər bağlanıb və ölkə əhalisinin ən sıx yaşadığı iki böyük şəhərində – Los-Anceles və Nyu-York kinoteatrlar kimi sosial məkanların bağlanacağını, restoranların yalnız sifariş qıbul edərək, ünvanlara çatdırma xidməti təklif edəcəyi bildirilib.
Çexiya və Avstriya insanların evdə qalmasını tövsiyə etdiyi bir vaxt, Hollandiya ictimai yerlərin bağlanmasına göstərişi verib. Bazar ertəsi Yeni Zelandiya 500 və daha çox insanın toplaşacağı tədbirlərə qadağa tətbiq edib.
Türkiyə Daxili İşlər Nazirliyi bar və gecə klublarının bağlanacağını bildirib.
Bu arada, Roma Papası Frensis Pasxa həftəsi xidmətlərini ictimaiyyətin iştirakı olmadan keçirəcəyini bəyan edib.
Bu cür qadağalara səbəb bir-birinə yaxın məsafədə olan insanların asanlıqla virusa yoluxmalarına və başqalarına ötürmələrinə mane olmaqdır. Bundan əlavə, səhiyyə rəsmilərinin insanlara özlərini xəstə hiss etdikləri təqdirdə təcrid olunmaları, əllərini yumaları kimi tövsiyələri təkrar olunur.
Yanvar ayında virus sürətlə yayıldıqdan sonra bir çox şəhərini bağlayan Çin bazar ertəsi cəmi 16 yeni halın qeydə alındığını bildirib. Həftələr boyu dünyada yoluxma sayına görə ikinci yerdə olan Cənubi Koreya bazar ertəsi 74 halın olduğunu və yoluxma hallarının kəskin şəkildə azaldığını deyib.
Xaricilərə giriş qadağalarını elan edən ən son ölkələr Kolumbiya, Panama və Argentinadır.
Koronavirusun böyük iqtisadi təsirlərinin öhdəsindən gəlmək üçün ABŞ, Yaponiya və Yeni Zelandiya bankları da daxil olmaqla, mərkəzi banklar faiz dərəcələrini azaltmaq və müəssisələrin kredit almalarını asanlaşdırmaq üçün addımlar atdıqlarını elan edib.
Bazar ertəsi səhər saatlarında alınan məlumata görə, dünya boyu 169 mindən çox insan koronavirusa yoluxub, 6523 nəfər virus səbəbindən ölüb.