Ərdoğan və Putin telefonda Qarabağdan danışdılar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Rakus.az xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat verir ki, tərəflər Ukrayna ətrafında yaranmış gərginliyi, Qarabağ və Liviyadakı vəziyyəti, eləcə də “Sputnik V” peyvəndinin tədarükü məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan Qarabağ bölgəsində sabitliyin təmin olunmasında Rusiyanın səylərini yüksək qiymətləndirib. Rusiya prezidenti isə öz növbəsində Ermənistan və Azərbaycan liderlərilə bu yaxınlarda keçirdiyi görüşlərin nəticələri barədə türkiyəli həmkarını məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirə olunan məsələlər sırasında Liviyadakı mövcud vəziyyət də olub. Hər iki lider ölkədəki sülh prosesinin əhəmiyyətini qeyd edərək, yerli hakimiyyət orqanlarının formalaşdırılmasının Liviyada milli birliyi təmin etmək yolunda ciddi addım olduğunu bildiriblər.
Tərəflər arasında həmçinin koronavirusa qarşı birgə mübarizə vasitələri də müzakirə olunub. O, cümlədən bu sahədə əməkdaşlığın genişləndirilməsi, eləcə də “Sputnik V” peyvəndinin Türkiyəyə tədarükü və bu ölkədə birgə istehsalının mümkünlüyü vurğulanıb.