Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Erməni ideoloqları və əksər KİV-ləri ənənəvi olaraq tarixi hadisələri təhrif edir. Bu təhriflər əsasında da “tarix” yazırlar. Sonra belə saxta tarixdə göstərilən “faktları” da dünyaya car çəkirlər. Türkiyə və Azərbaycana qarşı olan havadarları da bu tip “məlumatlar”, “tarixi faktlar” əsasında siyasət qurur.
Məsələn, 1915-ci ildə Osmanlı dövlətindəki hadisələrin təhrif edilməsi əsasında ermənilər “tarix” yazıb. Bəzi ölkələrin müxtəlif seçkili qurumları bu qondarma iddiaları təsdiqləyib.
Son illər, hətta torpaqlar işğal altında olan illərdə belə Ermənistan rəsmiləri və KİV-i ölkəmizə qarşı çoxsaylı qondarma ittihamlarla çıxış edib, tarixi saxtalaşdırmaqla məşğul olublar. Azərbaycan SSRİ tərkibindən çıxarkən malik olduğu ərazidən Ermənistan ordusunu və qanunsuz silahlı birləşmələri çıxardıqdan sonra da bu təhriflər davam edir.
Bu günlərdə Ermənistan hakimiyyətinə bağlı “Baqramyan 26” teleqram kanalında 1990-cı illərin hadisələri təhrif olunub. Rəsmi İrəvanın informasiya və təbliğat ruporu saxtakarcasına iddia edib ki, 1988-ci ildə Azərbaycanda ermənilərə qarşı başlamış qırğınlar 1990-cı il yanvarın 12-13-də “zirvəyə” çatıb. Ermənistan hökumətinin kanalı bildirib ki, guya həmin tarixdə Bakıda minə yaxın erməni “öldürülüb”. Bu “etibarlı” mənbənin iddiasına əsasən, “erməni qırğını” ilə bağlı araşdırma aparılmadığı üçün “qurbanların dəqiq sayı da məlum deyil”.
Erməni qırğının təşkilatçılarından ən fəalı iki dəfə məhkum edilmiş Eduard Robertoviç Qriqoryan adlı erməni olub. Təkcə o, 6 ermənini öldürüb. Bunları etməkdə məqsəd erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq olub. Sumqayıt hadisələrinin fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb.
Bu hadisənin əsasında Qarabağın Azərbaycanın tərkibindən çıxmasına nail olmaq durub. Sonralar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hadisə ilə bağlı bunları bildirib: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Ölkə rəhbərliyi (SSRİ-ni nəzərdə tutur-red.) bu məqamdan istifadə edib “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə dair qərar qəbul etsə idi, Azərbaycan xalqının buna etiraz etmək imkanı olmayacaqdı”.
Yanvar hadisələri eyni xətlə törədilib. Azərbaycanda milli azadlıq hərəkatından narahat olan sovet rəhbərliyi onun qarşısını almaq məqsədi ilə Bakıya əlavə qoşun yeritmək üçün bəhanə axtarırdı. Bu işdə o, Sumqayıt hadisəsini təkrarladı. O vaxt Bakıya yeridilən qoşun və xüsusi təyinatlılarına SSRİ-nin müdafiə nazir Dmitri Yazov başçılıq edib. O müsahibələrindən birində bildirmişdi ki, qoşun “erməni qırğınının qarşısını almaq üçün yeridilmişdi. Elə bu səbəbdən də Yanvar hadisələrinin ermənilərə aid hissəsi araşdırılmayıb. Çünki Sumqayıtdakı kimi ermənilər Bakıda da Moskvanın əlinə oynamışdı.
1988-ci il hadisələrinə gəlincə, Ermənistan hökumətinin ruporu yenə faktları təhrif edib. Həmin ilin payızında 300 minə yaxın qərbi azərbaycanlı indiki Ermənistan ərazisindən zorla, silah gücünə qovulub. Bu cinayətdə sovet hərbçiləri də ermənilərlə birlikdə fəaliyyət göstərib. Mövcud məlumatlara əsasən, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), mindən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu siyahı tam deyil.
Yeri gəlmişkən, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli məlum bəyanatın müddəalarından biri Qarabağa Rusiya sülhməramlılarının yeridilməsi haqqındadır. Bu, sübut edir ki, Moskva regionda maraqlarını həyata keçirmək məqsədi ilə ermənilərdən yararlanıb. Ermənilər də bir qayda olaraq bu xidməti məmnuniyyətlə qəbul ediblər. Odur ki, “baqramyan”ın bəhs etdiyi mövzu ermənilərin keçmiş sovetlərlə qarşılıqlı əlaqəsi zamanı baş verib. Həmin hadisələrdə əsas hədəf Azərbaycanı çökdürmək və talan etmək olub. Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması həmin hadisələrin davamı və nəticəsi olub. Bu baxımdan “baqramyan”ın iddia etdiyi “araşdırma” aparılsa, Ermənistanın ideoloqları və hədəfləri ifşa olunacaq. Odur ki, hökumət kanalı “ayıbına baxıb, utansa”, sussa daha məntiqli davranar.
Sədrəddin Soltan – “Report”