Ermənistanda nazirlik əməkdaşı rüşvət alarkən yaxalandı
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb.
Rakus.az xəbər verir ki, məlumatı MTX yayıb.
Tutulan şəxs xidməti vəzifəsindən sui-istifadə edərək çağırışçını qanunsuz şəkildə hərbi xidmətdən yayındırmaqda şübhəli bilinir.
Məlumata görə, R.K.adlı Ermənistan vətəndaşı hərbi xidmətdən iki dəfə möhlət alıb. O, səhhətində problem və başqa səbəb olmamasına baxmayaraq, 3-cü dəfə möhlət almaq üçün Müdafiə Nazirliyindəki qohumu X.D-ya müraciət edib. Onlar 3 000 ABŞ dolları qarşılığında xəstəliyə görə möhlət verilməsinə dair sövdələşiblər. Bundan sonra X.D. ölkədəki mövcud hərbi nizamnaməyə zidd olaraq, qohumu R.K.-nı hərbi xidmətdən azad edib.
Sövdələşməyə əsasən, Müdafiə Nazirliyinin əməkdaşı qohumundan rüşvəti başqa şəxsin əli ilə alıb. Aprelin 20-də o, rüşvəti gətirən şəxslə görüşüb. Nazirlik əməkdaşı 3 000 ABŞ dolları məbləğində rüşvəti alan zaman tutulub.
Müdafiə Nazirliyinin başqa əməkdaşları da bu cinayət işi üzrə istintaqa cəlb edilib.