Fransada 13 750 yeni yoluxma qeydə alındı
Fransada son sutkada COVID-19 infeksiyasına 13 750 yeni yoluxma və 297 ölüm faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, hazırda 25 199 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 415 ağır vəziyyətdə xəstə var. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 337 966-ya, ölənlərin sayı 56 940-a çatıb. Ölkədə 2 865 qrup yoluxması araşdırılmaqdadır.
Fransada təcridolma rejiminin dekabrın 15-dən yüngülləşdirilməsi nəzərdə tutulsa da, yoluxma sayı azalmadığı üçün komendant saatı artıq əvvəlki kimi yerli vaxtla saat 21:00-dən deyil, saat 20:00-dən başlayacaq. Bütün mədəniyyət obyektləri – kinoteatrlar, tamaşa zalları 3 həftə bağlı qalacaq.
Baş nazir dekabrın 15-dən yeni mərhələnin başladığını və sanitar qaydaların daha da ciddiləşdiyini bildirib. Hökumətin məqsədi gündəlik yoluxma sayının 5 minə qədər azalmasını təmin etməkdir.