Gəmidə xəsarət alanların durumu sabitdir
Xəbər veridiyimiz kimi, mayın 8-də axşam saatlarında baş vermiş yanğın nəticəsində Xəzər dənizində “İsrafil Hüseynov” borudüzən gəmisində 14 nəfər xəsarət alıb.
Rakus.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “İsrafil Hüseynov” gəmisində yanğın baş verdiyini təsdiq edib və yanğının gəmi heyəti tərəfindən söndürüldüyünü bildirib.
AZƏRTAC-ın yazdığına görə, “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, hazırda onların durumu sabitdir.