Həkimin ilkin diaqnozu düzgün olmayıb – RƏSMİ
Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatarla taksinin toqquşması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Rakus.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb:
“Onların vəziyyətləri normaldır. Həmin xəstələr ambulator müalicəyə buraxılıblar”.
Xatırladaq ki, Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində 4 nəfər xəsarət alıb.
Bir qədər əvvəl yayılan məlumatda bildirilmişdi ki, qəza nəticəsində ən ağır vəziyyətdə olan 22 yaşlı qız qapalı kəllə-beyin travması alıb, yuxarı ətraflarında sınıq yaranıb. Həmçinin, 20 yaşlı oğlan da qapalı kəllə beyin travması alıb. Vəziyyəti ağır olan həmin xəsarət alımış şəxslər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya aparılıb.