Hikmət Hacıyev: “Türk Şurasında Media Koordinasiya Komitəsi yaradılmalıdır”
“Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə müvafiq komitələr çərçivəsində davamlı iş aparılır bu istiqamətdə də addımlar atılmalıdır”.
Rakus.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkələrin özəl media resurslarının da əməkdaşlığa cəlb olunmasına ehtiyac var: “Belə olarsa məlumatların geniş şəkildə işıqlandırılması mümkün olar. Media forum konsepsiyası barədə də düşünülür. Ölkələr arasında biznes forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulmalıdır. Bu gün informasiya agentlikləri əksər hallarda ilkin mənbədən olmayan məlumatlara istinad edirlər. Ona görə də media agentlikləri arasında əlaqələrin qurulması vacibdir. Bunun nəticəsində də ölkələrin həqiqətləri barədə dəqiq və səlist məlumatlar yayalar”.