Bir neçə gündür ki, tətbiq olunan xüsusi karantin rejimi əsasında vətəndaşların evdən çıxması üçün müvafiq icazələrin alınması prosesi davam edir.
Rakus.az xəbər verir ki, Baku.Tv-nin xəbərinə görə, “ASAN Xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Yəni vətəndaşlar icazə almaq üçün yenə də 8103 nömrəsinə müvafiq 1, 2, yaxud 3 rəqəmini göndərir. Bu zaman hər hansı problem yaranarsa, yeni yaradılan 9108 Çağrı Mərkəzinə zəng edərək, suallarına cavab tapa bilərlər.
Müraciətlər həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.
Çağrı mərkəzində ilk dəfə olaraq vətəndaşlar üçün rahatlığın və əlçatanlığın, eyni zamanda sosial məsafənin təmin edilməsi məqsədilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN Xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla işə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.