İlk peyvənd Prezident Coko Vidodoya vurulacaq
İndoneziyada ictimaiyyətin inamını artırmaq üçün koronavirusa qarşı ilk peyvəndin yanvarın 13-də Prezident Coko Vidodoya və Nazirlər Kabinetinin üzvlərinə vurulması planlaşdırılılr.
Rakus.az xəbər verir ki, bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin məlumat verib.
Nazir əlavə edib ki, bundan bir gün sonra digər rayonlarda da vaksinasiyanın başlanılması planlaşdırılır. Bu zaman əsas prioritet səhiyyə işçilərinə və yerli liderlərə veriləcək.
Prezident C.Vidodo dekabrın 16-da COVID-19 virusuna qarşı peyvəndin İndoneziya vətəndaşları üçün pulsuz olacağını elan edib. Bu ölkə dekabrın 6-da Çindən 1,2 milyon, 31-də isə daha 1,8 milyon peyvənd dozası alıb.
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyinin məlumatına görə, son sutkada burada 7445 yoluxma halı qeydə alınıb. Beləliklə, İndoneziyada virusa yoluxanların ümumi sayı 779 min 548 nəfərə çatıb. Həyatını itirənlərin ümumi sayı isə 23 min 109 nəfər təşkil edib.