Kim Çen In xarici valyutaya qadağa qoydu
KXDR səlahiyyətliləri hesablaşmalarda asan konvertasiya olunan xarici valyutanın (hard currency) istifadəsini qadağan etməyə başlayıblar, halbuki bu günə qədər onun ölkədə istifadəsi praktik olaraq məhdudlaşdırılmamışdı. Bu, ölkənin pərakəndə bazarı üzərində nəzarəti gücləndirmə prosesinin bir hissəsi ola bilər.
Rakus.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti məlumat yayıb.
Məlumata görə, hesablaşmalarda dollar və yuandan istifadəni dayandırma əmri KXDR-də pərakəndə ticarətin əsas hissəsinin keçdiyi 500-dən çox sərbəst bazarın rəhbərliyinə verilib. Pxenyandakı valyuta mübadiləsinin əhəmiyyətli hissəsinə nəzarət edən böyük yeraltı iş adamının tutulması və edamı barədə də məlumatlar var.
KXDR-də ilkin olaraq əmtəə və qida məhsullarının paylanması üçün sosialist kart sistemi qüvvədə idi. Lakin ötən əsrin 90-cı illərində kəskin iqtisadi böhran və çoxsaylı təbii fəlakətlər nəticəsində bu sistem çökdü. Nəticədə səlahiyyətlilər sərbəst bazarların formalaşmasına və valyuta dövriyyəsinə göz yumdular, çünki yalnız bu, iqtisadiyyatı sabitləşdirə və aclıq problemini həll edə bilərdi.
KXDR-in hazırkı lideri Kim Çen In islahatlar həyata keçirdi və müəssisələrə və kəndlilərə məhsullarının 70%-ə qədərini sərbəst satmağa icazə verildi. Bu həm də ölkədə bir növ bazar iqtisadiyyatının formalaşmasına öz töhfəsini verdi, indi KXDR rəhbərliyi buna nəzarəti ələ almaq istəyir.