Koronavirusla bağlı Trampa vaztında xəbərdarlıq edilib – AĞ EV
Ağ Ev yanında Milli Ticarət Şurasının (MTŞ) rəhbəri Piter Navarro bu ilin yanvar ayının sonunda ABŞ Prezidenti Donald Trampa yeni növ koronavirusun ölkədə yayılmasının hansı ciddi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib, lakin amerikalı lider xeyli sonra aktiv tədbirlər görməyə başlayıb.
Rakus.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin elektron versiyasında dərc olunan məqalədə deyilir.
Materialda qeyd edilir ki, jurnalistlərin də tanış olduğu P.Navarronun qeydlərində virusun ABŞ-a trilyonlarla dollara başa gələ biləcəyi, milyonlarla amerikalının xəstəlik və ya ölüm riski altında olacağı vurğulanıb. Sənəd yanvarın 29-na aiddir.
Nəşrin bildirdiyinə görə, həmin dövrdə D.Tramp ABŞ üçün elə də təhlükəli durum olmadığını söyləyirdi, ancaq sonradan heç kimin bu dağıdıcı nəticəni əvvəlcədən təxmin edə bilməyəcəyini bildirib.
P.Navarro qeydində vurğulayıb ki, o zaman Çindən gələn məlumatlara görə, hadisələrin ən pis gedişi halında pandemiya yaranacağı ehtimalını unutmamaq lazımdır. “Sonradan ABŞ liderinin müşaviri qeyd edib ki, ən bədbin proqnozlara görə, ABŞ-da virus səbəbindən yarım milyondan çox insan ölə bilər. Bunun ertəsi Tramp Çindən gələnlər üçün məhdudiyyətləri təsdiqlədi, lakin virusun yayılmasının qarşısını almaq üçün daha fəal tədbirləri bundan bir neçə həftə sonra görməyə başladı”, – məqalədə deyilir.
Xatırladaq ki, federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 358 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 10,9 mindən çox insan virusun qurbanı olub.