Küveyt mətbuatı əhalinin sayını geniş işıqlandırdı
Azərbaycan Respublikasının 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkəmizin Küveytdəki səfirliyi tərəfindən məlumatlar hazırlanaraq Küveyt kütləvi informasiya vasitələrinə göndərilib.
Rakus.az xəbər verir ki, səfirlikdən bildirilib ki, aprelin 10-da Küveytdə gündəlik ərəb dilində nəşr olunan, böyük oxucu auditoriyasına malik “Əl-Nahar” və “Əljarida” qəzetlərinin elektron və çap variantlarında, həmçinin Twitter səhifələrində “Azərbaycan 10 milyonuncu sakininin dünyaya gəlişini bayram edir” adlı məlumatlar dərc edilib. Eyni zamanda, “Dasmannews” elektron qəzetində “Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə Azərbaycan xalqını təbrik ediblər” başlıqlı məlumat yayılıb.
Məlumatlarda Azərbaycanın həyatında çox əlamətdar hadisənin baş verdiyi, əhalisinin sayının 10 milyon nəfərə çatdığı qeyd edilib. 2019-cu il aprelin 6-da Bakı şəhərində keçmiş Ağdərə rayonu sakinləri, hazırda Ermənistanın işğalı altında olan Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakininin dünyaya gəldiyi bildirilib.
Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu münasibətlə Azərbaycan xalqını, yeni doğulmuş körpənin valideynlərini təbrik etdiyi vurğulanıb. Son illərdə Azərbaycan əhalisinin sayının sürətlə artdığı, bunun isə Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsi olduğu vurğulanıb.
Məlumatlarda, həmçinin Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında konsert proqramlarının təşkil olunduğu bildirilib. Müstəqil Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini hər kəsin böyük sevinclə qarşıladığı qeyd edilib.
Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşdüyü, ailəyə mənzil hədiyyə edildiyi və hesablarına maliyyə vəsaitinin köçürüldüyü barədə məlumatlar öz əksini tapıb.