Litvada prezidentliyə 9 namizəd var – bu gün seçkilərdir
Mayın 12-də Litvada növbəti prezident seçkiləri və onunla bir vaxtda ikili vətəndaşlığın tətbiqi və Seymin (parlamentin) deputatlarının sayının ixtisar edilməsi ilə bağlı iki referendum keçirilir.
Rakus.az xəbər verir ki, dövlət başçısı postuna 9 namizəd iddiadır.
Ekspertlərin rəyinə və sosioloji sorğuların nəticələrinə əsasən, 54 yaşlı iqtisadçı Gitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrida Şimonite və 48 yaşlı Baş nazir Saulyus Skvernyalis seçkilərin favoritlərləri sayılır. Hazırkı prezident Dalya Gribauskayte ikinci müddətə bu postdadır və üçüncü müddətə namizəd ola bilməz.
Ekspertlər hesab edirlər ki, namizədlərdən hər hansı birinin ilk turda qalib gəlmək şansı çox azdır. Seçkilərdə qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks-təqdirdə iki həftədən sonra ikinci tur keçiriləcək.
Litva Prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətə seçilir. Namizəd üçün yaş senzi (40 yaş) mövcuddur. O, həmçinin Litva vətəndaşı olmalı və azı son üç ili ölkədə yaşamalıdır.