Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.
Rakus.az xəbər verir ki, məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasında son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir.
Silahlı qarşıdurmanın iki ölkənin sərhədində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli payı olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti üçün təhdid olduğu qeyd edilir.
Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda TAP və TANAP boru kəmərləri layihələrinin əhəmiyyəti barədə məlumat verilib.
Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış evinin fotoşəkli əksini tapıb.