Monitorinq insidentsiz başa çatdı
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Boshard keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko aparıblar.