“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev olub. O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Sofulu kəndindən söhbət açıb. Bildirib ki, keçmiş Yelizavetpol – Gəncə quberniyasının Zəngəzur qəzasının, sonralar Qarakilsə rayonunun inzibati ərazisinə aid olan bu kənd Sofulu türk tayfasının adını daşıyıb. Alimin sözlərinə görə, Çar Rusiyası və SSRİ-nin ilk illərində Qərbi Azərbaycanla bağlı tərtib edilən topoqrafik xəritələrdə ermənilərə aid yer adlarına rast gəlmək mümkün deyil. Bu fakt sözügedən ərazilərin tarixən azərbaycanlılara məxsusluğunu, soydaşlarımızın burada qədim vaxtlardan yaşadığını bir daha sübut edir.
Qərbi Azərbaycanda zəngin şirin su mənbələrinin, faydalı qazıntı yataqlarının olduğunu xatırladan professor Ə.Quliyev söyləyib ki, SSRİ dövründə ermənilər bu ərazilərdə azərbaycanlıların elmi araşdırmalar aparmasına imkan verməyiblər. Müsahib ötən əsrin əvvəlində Andranik, Dro və Njde kimi quldurların Qarakilsədə törətdiyi vəhşilikləri də diqqətə çatdırıb. O əlavə edib ki, 1987-ci ildə Sumqayıt şəhərində baş verən hadisələri bəhanə edən ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı təzyiqləri kəskinləşdiriblər. Bunun nəticəsində 300 mindən çox əhali zorla öz ata-baba yurdundan qovulub. Etnik təmizləməyə məruz qalan soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında məskunlaşıblar. Həmin dövrdə Afiyəddin Cəlilov Naxçıvana pənah gətirən soydaşlarımıza böyük dəstək olub.
Tarixi Qarabağ zəfərindən, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından danışan professor Ə.Quliyev əminliklə vurğulayıb ki, Qərbi azərbaycanlılar da tarixi torpaqlarına mütləq qovuşacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 26-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.