OPE-in növbəti iclası iyunun 18-də keçiriləcək
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay – iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə iyunun 18-nə təyin olunub.
Rakus.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edəcək.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.
İclasda çıxışı zamanı Energetika naziri Pərviz Şahbazov neft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. “OPEC plus” formatı çərçivəsində neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.
Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.
Xatırladaq ki, aprelin 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu.