Özbəkistan Prezidenti BƏƏ-də səfərdədir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərində səfər edib.
Rakus.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev Abu – Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, Şeyx Məhəmməd Bin Zayed Əl – Nəhyan ilə görüşüb.
Görüşdə energetika, ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-bank, elm, texnologiya, təhsil, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Şavkat Mirziyoyev bildirib ki, bu gün BƏƏ-nin sərmayəsi ilə Özbəkistanda 107 müəssisə fəaliyyət göstərir. Əmirliklərdə Özbəkistanın firma və şirkətlərinin 28 nümmayəndəliyi işləyir. Vurğulanıb ki, 2018-ci ildə ölkələr arasında mal mübadiləsi 400 milyon dollar təşkil edib. Yaxın illərdə dövlətlər arasında mal mübadiləsinin həcminin 1 milyard dollara çatdırılması qərara alınıb.
Şavkat Mirziyoyevin BƏƏ-yə səfəri davam edir. (AZƏRTAC)