Polis 5 aktiv koronavirus xəstəsini saxladı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 26-da respublika ərazisində 5 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, – Mətbuat xidmətindən bildirilib.