Putin tapşırıq verdi
Rusiya prezidenti Vladimir Putin hökumətə və Federal Təhlükəsizlik Xidmətinə kölgəli pul və mal dövriyyəsinin tənzimlənməsi üzrə tədbirlər planını hazırlamağı tapşırıb.
Rakus.az xəbər verir ki, tapşırıq ilk növbədə azərbaycanlı milyarderlər Qod Nisanov və Zərah İliyevə məxsus “Sadovod”, “Food City” bazarlarına və “Moskva” yarmarka-ticarət kompleksinə aiddir.
Vladimir Putin Mərkəzi Bank rəhbəri Elvira Nabiullinadan məktub aldıqdan sonra belə bir addım atıb. Bu məktubda qanunsuz idxalın maliyyələşdirilməsinin və Rusiyanın nəhəng bazarlarının üzərindən maliyyə vəsaitlərinin xaricə çıxarılmasının təfərrüatı yer alıb. Bu cür qanunsuz idxalın olduğu bazarların dövriyyəsi aylıq 10 milyard rubldan az deyil.
Agentliyin məlumatına görə, Nabiullina məktubunda “Sadovod”, “Food City” bazarlarının və “Moskva” yarmarka-ticarət kompleksinin adlarını xüsusilə qeyd edib.
O da qeyd olunur ki, adıçəkilən ticarət nöqtələrində əməkdaşlar nəzarət-kassa texnikasından istifadə etmir, halbuki həmin texnika orada mövcuddur və vergi orqanlarında qeydiyyatdan keçib.
Xatırladaq ki, bir müddət öncə Rusiya polisi azərbaycanlı iş adamları – Qod Nisanov və Zərah İliyevə məxsus “Sadovod”, “Food City” bazarlarında və “Moskva” yarmarka-ticarət kompleksində profilaktika reydi keçirib.
Qod Nisanov bu məsələyə aydınlıq gətirib: “Reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.
Həmin üç şəxs bizim ticarət meydançalarının icarədarları idilər. Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları “Moskva”, “Sadovod”, “Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu, normaldır.
Miqrasiya xidməti axtarış aparanda biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur”. (Oxu.az)