Qarabağda döyüşmüş ermənini studiyadan qovdular - VİDEO
Rusiyalı teleaparıcı Vladimir Solovyov “Kto protiv?” proqramının studiyasından iki tok-şou iştirakçısını kənarlaşdırıb.
Rakus.az xəbər verir ki, emosional dialoq zamanı “ekspert” Araik Stepanyan və jurnalist Qreq Vayner arasında gərginlik yaşanıb.
Onlar efirə yaraşmayan təhqiramiz ifadələr işlədərək, bir-birinin üzərinə su töküb.
Sonda iş o həddə çatıb ki, tok-şou iştirakçıları yumruqları işə salmağa üstünlük veriblər.
Solovyov vaxtında özünü yetirərək, tərəfləri sakitləşdirib və onların studiyanı tərk etməsini tələb edib.
Xatırladaq ki, Araik Stepanyan qardaşları ilə birlikdə Dağlıq Qarabağ müharibəsində aktiv iştirak edib. 1990-cı ilin aprel ayında Araik və onun qardaşı Baqrat (həmin vaxt artıq İttifaq ərazisində axtarışda idilər) silahlara yiyələnmək məqsədilə Qafandakı Sovet Ordusuna aid hərbi hissəyə hücum təşkil ediblər.
Hücum nəticəsində hərbçilər həlak olsa da, terrorçular mühasirəyə alınıb. Onları mühasirədən digər qardaşları Qaqik Stepanyan çıxarıb. Təcili tibbi yardım maşını ilə əraziyə daxil olaraq, Araik və Baqratı silah-sursatla birlikdə xəlvətcə oradan çıxarıb.
Stepanyanlar sonralar da Sovet əsgərləri və dinc azərbaycanlılara qarşı da hücumlar təşkil edib.
Qaqik 1994-cü ildə azərbaycanlı hərbçilərlə döyüşlər zamanı öldürülüb. Baqratın aqibəti barədə indəyə kimi məlumat yoxdur. Araik isə Qarabağdan Sankt-Peterburqa köçərək, orada özünə yeni həyat qurub, “politoloq” kimi fəaliyyət göstərir və rus xalqının “qatı vətənpərvər”inə çevrilib. (Oxu.az)