Bu gün səhər saatlarında Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb.
Rakus.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova onlardan 2-nin hadisə yerində keçindiyini deyib:
“Müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir”.
Agentlik rəsmisi xəstəxanadan verilən məlumata əsasən bildirib ki, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir:
“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır”. (Modern.az)