Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Bu gün Azərbaycan xalqı ümumimilli bayramımız olan Novruz bayramını qeyd edir.
Ulu əcdadlarımızın yadigarı olan Novruz bayramı “Yeni gün” mənasını verməklə, həm də Bahar bayramı adlanır.
Azərbaycan xalqının yüzilliklər boyu formalaşan özünəməxsus adət – ənənələri olub. Bu ənənələrin təhlili milli dəyərlərimizə, tariximizə söykənir. İctimai-siyasi, maddi-mənəvi, elm və texnikanın inkişafı, istehsal prosesləri bu ənənələrimizə təsir etsə də, əlverişli və ya qeyri-əlverişli vəziyyətdən asılı olmayaraq bu ənənələrin davamçısı olan xalqımız dəyərlərimizi yaşayaraq bu günə gətirib çıxarıb.
Novruz bayramı — şimal yarımkürəsində yazın başlandığı gecə və gündüz bərabərliyi günündə keçrilir. Cənub yarımkürəsində Afrika, Hindistan və s. ərazilərdə qış mövsümü duyulmadığından belə mərasimlər keçirilmir. Şimal yarımkürəsinin müxtəlif qurşaqlarında iqlim dəyişməsi fərqli zamanlara düşdüyündən yazın bayram kimi qeyd edilməsi Çində fevral, Azərbaycanda mart, Rusiyada aprel aylarında baş verir. Bu bayram islamdan çox öncə yazın gəlişini, torpağın oyanışını qeyd etmək üçün keçrilir. Novruz bayramı bir neçə günlük bayram deyil. Bu bayram astronomik hadisəyə əsaslanan bayramdır.
Göyçə mahalında, o cümlədən Ardanış kəndində Novruz bayramı xüsusi qeyd edilirdi. Boz ayın birinci çərşənbəsindən başlayaraq, dörd çərşənbə özünəməxsus qeyd edilər, müxtəlif ayin və mərasimlər keçrilərdi. Yaşlılar boz ayı həftələrə bölərdilər. Səməni qoyular , həyət – bacada təmizlik işləri aparılardı. Ardanışlıların bu kəndə məxsus cizgiləri, naxışları olan adət – ənənələri var. Bu adətlərimizin mayasında Azərbaycan xalqının dəsti-xətti durur. Bu ənənələr milli dəyərlərimizin tərkib hissəsi olaraq başqa regiondan köklü surətdə fərqlənmir. Mahiyyət eynidir, çünki adətlər bütöv bir millətin, xalqın şüurunun, dünyagörüşünün həyat tərzi kimi meydana gəlir.
1988-ci ildə Ermənistandan deportasiya olunan Qərbi Azərbaycanlılar bu ənənələrdən bəzisinin assimiliyasiyaya uğramasına məruz qaldılar. Yaşadığımız şəhər mühitindən asılı olmayaraq ardanışlılar bu gün də müəyyən tədbirlərdə, mərasimlərdə bir yerə yığılır ənənələrimizi unutmağa qoymurlar. Bütün bunlar gələcək nəsillərə örnək olacaq bir nümunədir.
Baharın gəlişi, Novruz bayramınız mübarək! İşıqlı sabaha, xöşbəxt gələcəyə inam duyğunuz heç vaxt kəsilməsin!