Rusiyalı nazir Azərbaycanla bağlı danışdı
Rusiya ümid edir ki, kənd təsərrüfatı maşınqayırması sahəsindəki istiqamətlər yaxşı bazarın olması və Azərbaycanın kənd təsərrüfatı texnikasının satınalınması sahəsində dəstəyi ilə daha da inkişaf edəcək.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazirin sözlərinə görə, Rusiya bu istiqamətdə ciddi əməkdaşlıq perspektivləri görür:
“Bu ilin fevralında Azərbaycanda “Azərmaş” müəssisəsi ilə birgə “QAZ” qrupunun yüngül kommersiya avtomobillərinin istehsalına və yığılmasına başlanması ölkələrimiz arasında bu sahədə, xüsusilə də birgə istehsalat müəssisələrinin yaradılmasında ikitərəfli marağı göstərir. Əlbəttə ki, bu ilin aprelində Bakıya işgüzar missiyanın səfəri zamanı müzakirə olunan ikitərəfli əməkdaşlığın bütün istiqamətləri müvafiq sazişlərlə möhkəmləndirilməlidir. Kənd təsərrüfatı maşınqayırması, sənaye sektorunda birgə layihələrin reallaşdırılması müddətlərinə gəldikdə isə hər şey ikitərəfli iqtisadi əməkdaşlığın nə dərəcədə səmərəli inkişafından asılı olacaq”.(Trend)