Şahin Mustafayev Rusiyaya səfər etdi
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
Rakus.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb. Aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub. Energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.