Səudiyyə Ərəbistanı neft tədarükünü azaldır
Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində qarşıdakı iki ayda neft hasilatındakı ixtisarları könüllü şəkildə artırmağı qəbul etdikdən sonra bəzi alıcılarına neft tədarükünü azaldacaq.
Rakus.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı Asiya və Avropadakı azı 9 neft emalı zavoduna (NEZ) neft tədarükünü azaldıb.
Gələ ay “Saudi Aramco”nun uzunmüddətli müqavilələr üzrə tədarükü də azalacaq, bəzi Asiya NEZ-ləri tələb etdiklərindən 20-30% az xammal alacaqlar. Agentlik müvafiq bildiriş alan şirkətlərin nümayəndələrinə istinad edir.
Mənbə bildirib ki, Asiyadakı beş NEZ fevral ayı üçün daha az neft tələb edib və onlar tələb olunan həcmləri alacaq. Adətən kiçik həcmdə xammal alan Avropa NEZ-ləri fevral ayında ümumiyyətlə heç nə tədarük etməyəcək. Eyni zamanda, “Saudi Aramco”nun tədarükünün azalması Asiyada NEZ-lərə texniki xidmət mövsümünün pik nöqtəsinin (mart-aprel ayları) yaxınlaşması ilə əlaqədardır.
Şirkət nümayəndələri agentliyə bildiriblər ki, ixtisarlar əsasən “Arab Medium” və “Arab Heavy” kimi daha ağır sortlara aiddir. Lakin “Saudi Aramco” bu məlumatı şərh etməyib.
Xatırladaq ki, OPEC+ yanvarın 5-də keçirilmiş görüşün yekununda birdən-birə iki ay üçün saziş parametrlərini müəyyənləşdirib: müqavilənin mövcud şərtləri, demək olar, bütün ölkələr üçün uzadılıb, lakin Rusiya və Qazaxıstan fevral və mart aylarında hasilatı artırmaq imkanı əldə ediblər, Səudiyyə Ərəbistanı və bir sıra digər iştirakçılar isə, əksinə, könüllü şəkildə hasilatı daha da azaltmağa qərar veriblər. Belə ki, Səudiyyə Ərəbistanı fevral və mart aylarında neft istehsalını könüllü olaraq gündə 1 milyon barel azaldacaq.