Süleymaninin ölümü – ABŞ və İsrailin qisas qorxusu – TƏHLİL - FOTO
İsrail ABŞ-ın İran generalı Qasim Süleymanini öldürülməsinə görə İranın qisas almasından qorxaraq, təhlükəsizlik tədbirlərini gücləndirir.
Rakus.az xəbər verir ki, Prezident Donald Tramp ritorikasını artırdıqdan sonra İran liderləri həm Birləşmiş Ştatları, həm də İsraili təhdid edir.
İsrailin baş naziri Benyamin Netanyahu İran İnqilab Keşikçiləri Korpusunun lideri Qasim Süleymaninin öldürülməsinə göstəriş verdiyinə görə Prezident Trampı tərifləyib.
“İsrailin özünümüdafiə hüququ olduğu kimi, Birləşmiş ştatların da bu hüququ var. Qasim Süleymani Amerika vətəndaşları və bir çox digər günahsız insanın ölümündə cavabdehdir. O daha çox belə hücumlar planlaşdırırdı. Prezident Tramp cəld və qətiyyətli hərəkət etdiyinə görə hər cür tərifə layıqdir. İsrail sülh, təhlükəsizlik və özünümüdafiə uğrunda ədalətli mübarizəsinə görə həmişə Birləşmiş Ştatların yanındadır”, – Netanyahu bildirib.O, dərhal vətəninə qayıtmaq üçün Yunanıstana etdiyi səfərini yarımçıq qoyub. İsrail qisasın ya birbaşa İranın özündən, ya da İranın dəstəklədiyi Hizbulla tərəfindən alınacağından narahatdır. “Hizbulla” lideri Həsən Nəsralla Süleymaninin qətlinin Birləşmiş Ştatlarla yeni bir müharibənin başlanğıcı olduğunu deyib və şiə döyüşçüləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə hücum etməyə çağırıb. O, İsrailin ABŞ-dan Süleymaninin öldürülməsini istədiyini deyib.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Tehran Süleymaninin öldürülməsinə cavab olaraq amerikalılara, ya da Birləşmiş Ştatlara qarşı hücum etsə, İranın 52 obyektinə “ağır” zərbələr endiriləcəyi ilə hədələyib.
İsrail rəsmiləri “Hizbulla” qrupunun ölkənin hər yerini vura biləcək 100 mindən çox raketinin olduğunu desə də, “Hizbulla”nın İsraillə genişmiqyaslı müharibəyə başlamaq istədiyinə inanmır.
İsrail mümkün hücumlardan ehtiyat edərək, Suriya və Livanla sərhəddəki Hermon dağ xizək kurortunu bağlayıb və bölgədəki güclü fırtına səbəbindən kurort şənbə günü də bağlı olub.
İsrail mümkün hücumlardan qorxaraq, xaricdəki səfirliklərini də təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Lakin İsrailin keçmiş hərbi kəşfiyyat rəisi hər bir qisasın ABŞ maraqlarına yönəldiləcəyini deyib.