Suriyanın Homs şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış olub.
Rakus.az xəbər verir ki, hadisə gecə saatlarında, xam neftin daşındığı avtosisternlərin dayanacağında baş verib. İlkin məlumatlara görə, neftin sisternlərdən boşaldılması zamanı partlayış və ardından yanğın baş verib. Yanğın əvvəlcə neft daşıyan avtomobilləri öz cənginə alıb və onun anbar ərazisinə keçmə təhlükəsi yaranıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və könüllülər cəlb olunub. Ekskavatorlar vasitəsiylə odun üstünə qum tökməklə yanğını lokallaşdırmaq mümkün olub.
Zavod rəhbərliyi bildirib ki, neftin avtosisternlərlə daşınması məcburi və müvəqqəti xarakter daşıyır. Belə ki, terrorçuların neft kəmərini partlatması nəticəsində, hazırda təchizat məhz bu yolla aparılır.