Dünya 07.04.2019 10:51

Taleyimdən şikayətçi deyiləm – Çingiz Abdullayev

 

 

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin yubileyidir. Dronqo obrazı ilə çoxlarının sevgisini qazanmış qələm sahibi ömrünün 60 illik yubileyini qeyd edir. Görəsən, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin uğurlarının sirri nədədir? O, dostlar, tanışlar arasında necə xarakterizə olunur? Bu və digər suallarla elə Azərbaycan Yazıçılar Birliyinin binasında Çingiz müəllimlə həmsöhbət olduq.

 

Çingiz Abdullayev necə insandır?

-Düşünürəm ki, bu suala mənim oxucularım və məni tanıyanlar daha yaxşı cavab verə bilərlər. Bir qisim yaradıcı insanlar özlərini dahi olmasa da, çox istedadlı hesab edirlər. Mən heç vaxt bu barədə düşünməmişəm. Təbiidir ki, hər kəs məni sevə bilməz. Ancaq kitablarımı 30 milyon insan oxuyub. Bu qədər insan oxuyubsa, deməli, artıq mənim “kimlər məni sevir, kimlər məni sevmir?” deyə düşünməyim haqsızlıq olar.

Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər nələrdir?

-Bəyənmədiyim xüsusiyyətlər çoxdur. Onlardan birincisi də, yəqin ki, hövsələsiz olmağımdır. Xüsusilə son vaxtlar bunu özümdə daha çox hiss edirəm. Bəlkə də, bu, gərgin iş rejimi ilə əlaqəlidir. Görəndə ki, bir adam çox istedadsız və ya vicdansızdır, bunu ona deməmək üçün soyuqqanlılığımı saxlaya bilmirəm. Əvvəllər elə bilirdim ki, insanlar dəyişirlər. Amma insanlar heç vaxt dəyişmirlər. Necədirlərsə, həmişə elə də qalırlar. Yaxşı xüsusiyyətim isə, məncə, zəhmətkeşliyimdir. İndi olduğu kimi həmişə işləməyi sevmişəm.

-Qeyd etdiniz ki, gərgin iş rejiminiz var. Bəs asudə vaxtınızı necə keçirirsiniz?

-Çox zaman ədəbiyyatla. Ya yazıram, ya da oxuyuram. Təbii ki, mütaliə etməyi çox sevirəm. Mümkün qədər səfərlərə gedir, xarici ölkələrdə olur, onların milli mətbəxləri, mədəniyyətləri ilə tanış oluram. Mənə elə gəlir ki, insan bacardığı qədər çox gəzməli, daha çox yeni fakt öyrənməlidir.

-Daha çox hansı yazıçıların əsərlərini sevir və oxuyursunuz?

-Fantastika janrında olan kitabları daha çox sevirəm. Amerika fantastik yazıçılarının əsərlərini isə xüsusi maraqla oxuyuram. Dedektiv ustadlarından Jorj Simeno və Aqata Kristinin üslubu, mövzuları çox xoşuma gəlir.

-“Mavi mələklər” sizin ilk əsəriniz olsa da, böyük maraqla qarşılanıb. Hətta onu dəfələrlə oxuyanlar da var. Sizcə, buna səbəb nədir?

-Çünki o vaxta kimi belə əsərlər, demək olar ki, yox idi. Bəlkə də, “Mavi mələklər” Azərbaycan ədəbiyyatına yenilik gətirdi. Həqiqətən, böyük marağa səbəb oldu və kütləvi tirajla satıldı. Heç özüm də düşünməzdim ki, “Mavi mələklər” bu qədər uğurlu alınar. Bəlkə də, bu, mənim üçün əlavə stimul oldu və daha böyük həvəslə yazmağa başladım.

-Sizin əsərlərinizin əsas personajı Dronqo olsa da, bəzən qəhrəman kimi Timur Qarayev, Kseniya Murjikova obrazlarından da istifadə edirsiniz. Nə vaxtsa onlardan üçünü və ya ikisini eyni macərada görüşdürmək barədə düşünmüsünüzmü?

-Düşünmüşəm. Ancaq, məncə, hələ ki, vaxtı deyil. Nə vaxtsa, yəqin ki, görüşərlər.

-Kseniya Murjikova və “Bakı bulvarı” əsərinizdə rast gəlinən gənc azərbaycanlı qız Vəliyeva obrazlarının yaradılması hansı zərurətdən meydana çıxdı?

-Bu, sadəcə mənə maraqlı idi. İstəyirdim, qadınların dilindən yazım və yoxlayım ki, bu, məndə alınır, ya yox? Deyəsən, alınır. Qadın oxucularım belə hesab edirlər ki, mən onların hisslərinə toxunmağı yaxşı bacarıram. Maraqlıdır ki, dünyada dedektiv janrda oxuyanların 80 faizi kişi, 20 faizi qadındır. Mənim oxucularımın isə 70 faizi zərif cins nümayəndələridir. Qeyd edim ki, bəzən qadınların dilindən yazan tək kişi yazıçı mən deyiləm. Məsələn, məşhur fransız drammaturqu Viktor Hüqonun yaradıcılığında da belə bir təcrübə var. O, heç vaxt bu hadisəni yaşamasa da, doğuşdan yazıb. Düşünürəm ki, qadınların dilindən yazmaq və baş qəhrəman qadın obrazından istifadə etmək çətin olsa da, maraqlıdır.

-Yaradıcılıqdan söz düşmüşkən, bəlkə, qələminizi hərdən nəzmdə də sınayasınız…

-Bu barədə düşünməmişəm. Hekayələrim də var, amma heç vaxt şeir yazmamışam. Yəqin ki, roman məndə daha yaxşı alınır. Lakin mənə bir neçə dəfə şeir yazıblar.

-Siz təcrübəli boksçu və mahir atıcısıız. Necə düşünürsünüz, yumuruğunuz, silahınız ya qələminiz daha sərrastdır?

-Dəqiq bilirəm ki, bu, yumuruğum deyil. Çünki elə də uğurlu boksçu olmamışam. Bir dəfə burnumu sındırıblar və ondan sonra boksdan birdəfəlik uzaqlaşmışam. Lakin atıcılığı, həqiqətən yaxşı bacarırdım. Silah versələr, bu gün də öz məharətimi göstərə bilərəm (gülür). Buna baxmayaraq, yazıçılıq  və atıcılıq arasında seçim etmək də çətindir. Bildirim ki, futbolu da çox sevirəm. Fikrimcə, futbol sadəcə bir oyun deyil, o, həm də böyük bir qüvvədir.

-Bəs hansı komandaya azarkeşlik edirsiniz?

-“Neftçi”nin Müşahidə Şurasının sədri olduğuma görə, təbii ki, bu komandaya azarkeşlik edirəm. Avropa komandalarından isə uşaqlıqdan bəri “Bavariya”nın oyunlarını bəyənir və həmişə onun qalib gəlməsini arzulayıram.

-Yazıçı və hüquqşünas kimi kifayət qədər tanınırsınız. Bəs dostlarınız arasında necə bir insansınız?

-Heç vaxt lovğalanmamışam. Düşünürəm ki, yaxşı dostam. Mənim dostlarımın əksəriyyəti məktəb və universitet yoldaşlarımdır. Əgər biz dostluğu bacarmasaydıq, dostluğumuz bu qədər uzunömürlü olmazdı. Dostlarıma qarşı çox həssasam. Heç vaxt onları satmaram, aldatmaram, bir sözlə, pis vəziyyətdə qoymaram.

-Müsbət və mənfi mənada sizin üçün ən yaddaqalan günlər hansılardır?

– Müsbət mənada yaddaqalan günlər daha çoxdur. Məsələn övladlarım dünyaya gələndə, gənc yaşımda Xalq yazıçısı adını alanda, beynəlxalq mükafatlara layiq görüləndə çox sevinmişəm. Valideynlərimi itirdiyim günlər isə ən çətin anlar olub mənim üçün. İstəyərdim ki, daha gec bu dünyadan köçsünlər. Baxmayaraq ki, vəfat edəndə atamın 81, anamın 87 yaşı var idi. Taleyimdən və Allahdan şikayətçi deyiləm.

-Müsahibələrinizin birində demisiniz ki, cəhənnəmə düşmək istəyirsiniz, çünki ora sizin üçün daha maraqlıdır. Bu, sizi qorxutmur ki?

-Əlbəttə, bu zarafatla deyilmiş sözdür. Amma, dediyim kimi, cəhənnəm mənim üçün daha maraqlıdır. Orda daha maraqlı adamlar olmalıdır.

-Əgər nə vaxtsa özünüz haqqında avtobioqrafik roman yazası olsanız, adını nə qoyardınız?

-“Bu, mənəm, İlahi”. Ancaq qeyd edim ki, əsərlərimin əksər hissəsi elə öz həyatımdandır. Diqqətli oxucular da bunu başa düşürlər (gülür).

-Gənc yazarlara tövsiyələriniz nədir?

-Yorulmadan, usanmadan yazmaq, öz üzərlərində işləmək və mütləq mütaliə etmək. Çalışmaq lazımdır ki, orijinal olasan, heç kimi təkrarlamayasan. Mən həmişə deyirəm, elə yazmaq lazımdır ki, mağazadan milyonlarla kitab arasında məhz sənin kitabını seçib alsınlar.

-Bu yaşınızda özünüzə nə arzu edirsiniz?

– Mümkün qədər çox yazıb-yaratmağı, çox ölkələr gəzməyi, ağıllı insanlarla tanış olub, onlarla söhbət etməyi. Bir sözlə, həyatı mənalı yaşamağı.

 

Kənan Novruzov,

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO