Tramp 1,4 trilyon dollarlıq büdcəni imzaladı
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə bağlı 900 milyard dollarlıq iqtisadi yardım paketini də özündə ehtiva edən 2021-ci ilin büdcəsini imzalayıb.
Rakus.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Prezident qanun layihəsini ilkin formada imzalayıb. Başqa sözlə, adambaşına ödəniş Trampın daha əvvəl tələb etdiyi 2 000 dollar əvəzinə adambaşına 600 dollar nəzərdə tutulub. İqtisadi yardım paketi hökumətin işinin 2021-ci ilin sentyabrına qədər davam etdirilməsini nəzərdə tutan 1,4 trilyon dollarlıq büdcənin bir hissəsidir. Sənədin imzalanmasına razılıq verməklə Trampın əlavə iqtisadi yardım barədə danışıqların davamını təmin etdiyi güman olunur.
Xatırladaq ki, daha əvvəl Tramp videomüraciətlə çıxış edərək Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş və 900 milyard dollarlıq iqtisadi yardım paketi də daxil olan 2021-ci ilin büdcəsini tənqid etmiş və onu biabırçılıq adlandırmışdı. Demokratlar, Respublikaçılar və Tramp administrasiyası arasında aylardır müzakirə edilən qanun layihəsi amerikalılara 600 dollar məbləğində iqtisadi yardım ödənilməsini nəzərdə tuturdu. Trump bu məbləği tənqid edərək adambaşına 2000 dollar ödəməsini tələb etmişdi. Trampın bazar gününə keçən gecə qanun layihəsini imzalamaqdan imtina etməsi səbəbindən əvvəlki yardım paketi çərçivəsində ödəmələrin vaxtı bitmişdi.