Türk Şurasının Bakıda iclası davam edir
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədi ilə işçi qrupun 8-ci iclası keçirilib.
Rakus.az xəbər verir ki, toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.
İclasa sədrlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov öncə Azərbaycanı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edib. O bildirib ki, Türk Şurası türkdilli ölkələr arasında media sahəsində münasibətlərin inkişafının tərəfdarıdır.
Daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının departament rəhbəri Ömər Faruk Tanrıverdi Azərbaycanı Vətən müharibəsində qazandığı zəfər münasibəti ilə təbrik edib. O bu il bir sıra Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı media forumunun keçirilməsini təklif edib.
Azərbaycan tərəfdən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Murad Hüseynov isə çıxışı zamanı türk xalqlarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib.
Tədbir türkdilli ölkələrin İşçi qrupundakı nümayəndələrinin çıxışları ilə davam edib.