Türkiyədə bələdiyyə seçkiləri BAŞLADI
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
Rakus.az xəbər verir ki, bu seçkilərlə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri ilə yanaşı, kəndlərin, şəhər rayonlarının və məhəllələrin muxtarları da müəyyən olunacaq.
Ali Seçki Komissiyasının məlumatına görə, səsvermədə ümumilikdə təxminən 57 milyon vətəndaşın iştirak edəcəyi gözlənilir. Səsvermə hüququna malik vətəndaşların sayına görə 10 milyon 560 min 963 nəfərlə İstanbul ilk sıradadır. Şəhər üzrə ən çox seçicinin 556 min 619 sayla Esenyurt rayonundan olacağı gözlənilir. Türkiyənin ən az seçicisi olan bölgə isə 58 min 562 nəfərlə Bayburtdur.
Seçkilərdə 8 min 270 namizəd mübarizə aparır. Onlardan 630-u müstəqil namizədlərdir. Böyükşəhər Bələdiyyəsi sədrliyinə 71 namizədin 24-ü İstanbuldandır.
Ölkənin şərq və cənub-şərq bölgələrini əhatə edən 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Bu vilayətlərdə səsvermə 16.00-dək davam edəcək.
Seçki ölkənin əksər bölgələrində yerli vaxtla 08.00-dan 17.00 qədər, şərq hissəsində isə bir saat fərqlə, 07.00-dan 16.00-dək davam edəcək.
Xatırladaq ki, bu il keçirilən seçkilərdə Türkiyə vətəndaşlığı almış 54 minə yaxın suriyalı da səsvermə hüququ qazanıb.