ÜST psixi sağlamlıq üzrə koalisiya yaradır
Bu həftə Avropa Regional Bürosunun ÜST-də psixi sağlamlığa həsr olunmuş yeni qabaqcıl təşəbbüslərdən birinə başlaması ilə əlamətdar oldu. Psixi sağlamlığın qorunması ictimai səhiyyə sahəsində ÜST-nin Avropa regionu üzrə qarşısında duran əsas vəzifələrdən biridir.
Rakus.az xəbər verir ki, hazırda dünyada bu və ya digər psixi xəstəliyi olan 110 milyon insan yaşayır. Bu, region əhalisinin 10 faizindən çoxunu təşkil edir.
Psixi sağlamlıq, rəqəmsal səhiyyə və innovasiyalar, davranma mədəniyyəti və immunizasiya sahəsindəki dörd yeni qabaqcıl təşəbbüs ÜST-nin Avropa Regional Bürosunun növbəti beş il üçün əvvəlcədən müəyyən olunmuş prioritet istiqamətlərini əks etdirir. Bu təşəbbüs bütün regionda psixi sağlamlıq strategiyalarını və təcrübələrini qoruyub inkişaf etdirmək məqsədilə rəhbərlərin və kuratorların, xidmət istifadəçilərinin və digər tərəfdaşların geniş spektrini birgə fəaliyyətə cəlb edəcək.
COVID-19 pandemiyası şəraitində psixi sağlamlıq proqramının yeni şərtlərə uyğunlaşdırılması xüsusilə vacibdir. İnsanlarda psixoloji çətinliklər yalnız bu kimi infeksiyalar haqqında məlumatın olmaması və qorxu ilə deyil, həm də virusun yayılmasının qarşısını almaq istiqamətində karantin rejiminin və izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yaranır. Buna görə də sosial izolyasiya şəraitində yaşamaq bir çoxları üçün daha çətin olur, çünki yeni qorxu və narahatlıqlar mövcud həyəcan və stress amillərinə əsaslanır.
Məlumatda deyilir ki, psixi sağlamlıq fərdi və kollektiv əmin-amanlığın ayrılmaz elementi olduğu üçün onu ağır sınaq və qeyri-müəyyənlik dövründə qorumaq və dəstəkləmək, habelə psixi xəstəlikləri olan insanları fasiləsiz və keyfiyyətli qulluqla təmin etmək daha vacibdir. Psixi sağlamlığın qorunması üzrə xidmətlərin çoxdan gözlənilən islahatlarına başlamağın və psixi xəstəliklərin sosial stiqmatizasiyasının aradan qaldırılmasının vaxtı artıq çatıb.