Vətəndaşları Avropaya aparan şəxslər tutuldu
Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən şəxsləri qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Rakus.az xəbər verir ki, “Report”un məlumatına görə, 21-44 yaşlı Livan, Suriya və Liviya vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvləri 2019-cu ildən bəri avtobus, yük maşını və qayıqlarla 140-dan çox sığınacaq axtaranı pul qarşılığında qanunsuz olaraq Avropaya gətirib. Qanunsuz olaraq Avropaya gətirilənlər əsasən, Əfqanıstan, Pakistan, İran, Azərbaycan, Ermənistan və Monqolustan vətəndaşları olublar.
Saxlanılan dəstə üzvlərinin evlərində aparılan axtarış zamanı sığınacaq axtaranlara aid pasport, şəxsiyyət vəsiqəsi, müxtəlif dövlət qurumlarına aid sənədlər, foto və video məlumatların olduğu xarici yaddaş qurğuları götürülüb.
Dəstə üzvlərinin polisdə ilkin ifadəsi zamanı məlum olub ki, onlar Türkiyə və Yunanıstana qədər sığınacaq axtaranları avtobus, yük maşını və qayıqlarla, daha sonra isə piyada Avropa Birliyi ölkələrinə gətiriblər.
Saxlanılan şəxslərin ifadəsinə əsasən “Europol” dəstə başçısını Avstriyada saxlayıb.
Faktla bağlı əməliyyat istintaq-tədbirləri davam etdiyindən başqa məlumat verilməyib.