YENİLƏNDİ: Xırdalanda dağıntılar altında 8 yaşlı qız qalıb
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Rakus.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.
Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.
İndiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub, daha bir nəfərin isə meyiti çıxarılıb.
09:03
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.
Rakus.az xəbər verir ki, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.
Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin 8 yaşlı övladıdır.
Xatırladaq ki, ötən gecə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.