Yaqut Qarayeva brifinqində vacib məqamları AÇIQLADI
“Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyonu keçib. Azərbaycanda da təəssüf ki, gündəlik yoluxma hallarının sayı 2 mini ötüb”.
Rakus.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, belə vəziyyətdə səhiyyə sistemi yüklənir: “Ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar tikilib, xaricdən tibbi mütəxəssislər də gətirilib. Bizim üçün tibbi xidmətin keyfiyyəti daha əsasdır. Bu gün hələ də İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizə qulluq etməkdə davam edirik”.
“Bu xəstəliklə mübarizədə karantindən başqa əlimizdə vasitə yoxdur. Biz bunu fərqli-fərqli ölkələrdə də görürük. Yeganə mübarizə metodumuz karantin rejimi, maskadan istifadədir”.
O deyib ki, indi Türkiyədə də sərtləşmələr elan olunub: “Biz də bir müddətdir ki, ayrı-ayrı regionlarda qapanmalara gedirdik. Bu da bizə istənilən nəticəni vermir. Biz hər şeyi başa düşürük. Amma bir həqiqət də var ki, insanlar toplandığı zaman onların içərisində kütləvi yoluxmalar baş verir”.