Yeni regional BLOK yaradıldı - FOTO
Cənubi Amerika liderlərindən ibarət bir qrup cümə günü coğrafi bölgə problemlərini həll etmək məqsədi ilə əməkdaşlıq etmək üçün ideologiyadan asılı olmayaraq hər hansı bir ölkəyə açıq olan yeni blokun yaradılması haqqında müqavilə imzalayıblar.
Rakus.az xəbər verir ki, Argentina, Braziliya, Kolumbiya, Çili, Ekvador, Paraqvay və Perunun prezidentləri Çilinin paytaxtı Santyaqoda keçirilən zirvə görüşündə iştirak edib. Çili və Kolumbiya əvvəlki blok olan Unasurun Venesuelada böhranla əlaqədar heç bir tədbir görmədiyini tənqid etdikdən sonra yeni “Prosur” siyasi bloku ideyası ərsəyə gəlib.
Çili Prezidenti Sebastyan Pinera imzalanma mərasimindən sonra bildirib ki, bu, demokratiya, azadlıq və insan hüquqlarına hörmətlə bağlı möhkəm və açıq bir öhdəlikli forum olacaq.
Venesuela prezidenti Nikolas Maduro cümə günü Santyaqoda görüşə dəvət olunan liderlər arasında olmayıb.
Bəzi liderlər təşkilatçıları Maduronun əvəzinə Venesuela müxalifətinin lideri Xuan Quaydonu dəvət etdikləri üçün tənqid ediblər. Quaydo yanvar ayında özünü ölkənin keçid dövrü prezidenti elan etdikdən sonra bir çox ölkə tərəfindən Venesuelanın dövlət başçısı kimi tanınıb. Lakin Quaydo da zirvə görüşünə heç bir nümayəndə göndərməyib.
Maduronun yaxın müttəfiqləri olan Boliviya Prezidenti Evo Morales və Uruqvay Prezidenti Tabare Vaskuez də zirvə görüşündə iştirak etməyib.
Unasur 2008-ci ildə Maduronun sələfi Uqo Çavezin təbliğ etdiyi solçu populizmin Cənubi Amerikada güclü olduğu zaman təsis olunmuşdu. Ancaq son illərdə mərkəz-sağçı hökumətlərin hakimiyyətə gəlməsi ilə yaranan ixtilaflar bloku iflic vəziyyətə salıb.