Zelenski ilə Saakaşvili arasında münasibəltər gərginləşir
Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin İslahatlar üzrə Milli Şurasının rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili arasında münasibətlər gərginləşib.
Rakus.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Bildirilib ki, Ukrayna lideri M.Saakaşvilinin fəaliyyətindən narazıdır və onun vəzifəsinin öhdəsindən gəlməməsinə işarə edib.
KİV Gürcüstanın sabiq prezidentinin Ukraynada tutduğu vəzifəsindən azad olunacağını istisna etmir. Yayılan məlumatlara əsasən, Gürcüstan prezidenti Salome Zurabişvili M.Saakaşvilinin dövlət vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə Kiyevə səfər etməyi planlaşdırır. V.Zelenskinin bu şərti qəbul etdiyi bildirilir.
M.Saakaşvili ötən ilin mayında Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin olunub. Bu təyinat Gürcüstanda ciddi narazılıqla qarşılanıb və ikitərəfli münasibətlərdə soyuqluq yaradıb. Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze bir ilə yaxındır bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılması üçün Tbilisiyə çağırılıb. Diplomatın yaxın zamanlarda Kiyevə dönəcəyi gözlənilir.