“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə erməni klassik musiqisinin banilərindən biri, tanınmış bəstəkar, dirijor və pedaqoq Aleksandr Spendiarovun musiqisində İrəvan şəhərinin gerçək türk tarixinin səslənməsindən bəhs olunur.
Bildirilir ki, A.Spendiarov köhnə İrəvanda Azərbaycan səsini eşitmişdi: “Onun özü etiraf edib ki, mən İrəvanda müsəlman şəhəri gördüm. Səssiz fotolar, danışan musiqi ilə İrəvanın kimliyi üzə çıxır. İrəvanın Göy məscidi, ağ örpəkli türk qızları və mahnılar unudulan mənzərə deyil. İrəvanın ünvanlarında Azərbaycan məhəllələrinin izi var. Erməniləşdirilən İrəvanın susdurulan şəhər yaddaşı musiqidə yaşayır”.
Qeyd olunur ki, erməni bəstəkarın “İrəvan etüdləri” Azərbaycan şəhərinin səsli portretdir: “İrəvan şəhərinin melodiyasında musiqi dili ilə Azərbaycan tarixi səslənir. Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa edir və İrəvanın gerçək kimliyi oxunur”.
Verilişdə Azərbaycan melodiyalarının erməni operasında necə yer alması, ermənilərin ilk operası mifinin arxasındakı həqiqət, İrəvanın türk şəhəri olması Spendiarovun musiqisində necə səslənir və digər maraqlı məqamlara aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş yanvarın 28-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.















