Azərbaycan-Avstriya İşgüzar görüşü keçirilib
Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib.
Rakus.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə energetika, maşınqayırma, İKT, qida, bank, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 20-dən çox avstriyalı iş adamı iştirak edib.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa və azərbaycanlı sahibkarlarla fəal əməkdaşlığa dəvət edib.
Avsrtiya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek görüşün işgüzar dairələri arasında əlaqələrinin genişləndirilməsində əhəmiyyətini, səfərin məqsədinin də Azərbaycan və Avstriya iş adamları arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın investisiya mühiti və biznes imkanları ilə yaxından tanışlıq olduğunu qeyd edib.
Sonra iştirakçılara Azərbaycanın investisiya imkanları barədə təqdimat keçirilib.
Tədbirin sonunda avstriyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.