Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın “Retro Baku” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə qədim Şuşa bələdçisi Elçin Ağayev şəhərin tarixindən danışarkən, qala divarlarının inşasından, qədim adət-ənənələrdən və bu günə qədər gəlib çatan tarixi məkanlardan bəhs edib.
Onun sözlərinə görə, Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də hər küçəsində, hər daşında tarix yaşadan qədim şəhərdir. Onun tarixi ilə bağlı elə maraqlı faktlar var ki, hətta bir çox şuşalılar belə bunlardan xəbərsizdir.
E.Ağayev Şuşanın qədim qəbiristanlıqlarından birində az bilinən tarixi məqamın olduğunu bildirib: “Yuxarı Gövhər ağa məscidinin yaxınlığındakı kiçik qəbiristanlıqda dəfn olunanların bir qismi 1905-ci il hadisələrinin qurbanlarıdır. Bu kiçik qəbiristanlıqda gördüyünüz qəbirlərin üçü vaxtilə Yuxarı Gövhər ağa məscidində xidmət etmiş axundlara aiddir. Yerdə qalan qəbirlər isə 1905-ci ildə erməni-müsəlman qarşıdurmasında həlak olmuş Şuşa bəylərinindir. Bu, çoxlarının, hətta şuşalıların böyük əksəriyyətinin bilmədiyi faktdır”.
Bələdçi deyib ki, Şuşanın tarixi ilə bağlı maraqlı məqamlardan biri də məşhur “Süleymani” rəqsinin yaranma hekayəsidir: “Bu rəqsin yaranması Qarabağ xanı İbrahimxəlil xanın ailəsi ilə bağlıdır. İbrahimxəlil xanın səkkizinci oğlunun adı Süleyman olub. Onun dörd yaşı tamam olanda ad günü məclisi keçirilib. Xan musiqiçilərdən xahiş edib ki, oğlunun şərəfinə bir musiqi bəstələsinlər. Özü də həmin musiqinin sədaları altında oynamaq istəyib. Məşhur “Süleymani” rəqsi məhz belə bəstələnib”.
Veriliş noyabrın 8-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














